Keçid linkləri

2025, 18 İyul, Cümə, Bakı vaxtı 20:51

Azər Qasımlı: 'Özümü nəinki təqsirli bilmirəm, hətta zərərçəkmiş sayıram'


Azər Qasımlı
Azər Qasımlı

Siyasi Menecment İnstitutunun direktoru, həbsdə olan politoloq Azər Qasımlı deyir ki, nəinki ona verilmiş hədə-qorxu ilə tələbetmə ittihamıyla razılaşmır, tam tərsinə, özünü zərərçəkmiş sayır. Politoloq iyulun 16-da öz məhkəməsində ittihama münasibət bildirərkən belə deyib.

Ötən ilin dekabrından həbsdə olan politoloqun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. İyulun 16-dakı məhkəmədə prokuror ittiham aktını açıqlayıb. Orada iddia olunur ki, A.Qasımlı kriptovalyuta alqı-satqısı aparılan birjada gəlirlərinin azalması üzündən, tanışı Qurbanəli Yusifovla mübahisə edib və 45 min dollar istəyərək onu və ailə üzvlərini öldürməklə hədələyib, son nəticədə də 6 min 800 manat alıb. Üstəlik, 10 min dollarlıq qəbzə də imza atdırıb.

A.Qasımlıya qarşı Cinayət Məcəlləsinin 182.2.3-cü (hədə-qorxu ilə tələbetmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Bu ittihama münasibət bildirən A.Qasımlı deyib ki, orada yazılanların heç biri gerçəyə uyğun deyil: "Onu ittiham aktı yox, özümə qarşı antiittiham adlandırardım. Özümü nəinki təqsirli bilmirəm, hətta zərərçəkmiş hesab edirəm. Mənə borclu olduğunu məhkəmədə özü də etiraf edib. Hətta məhkəmədə də mənim xeyrimə qərar çıxarılıb".

"Azər Qasımlının özü dələduzluğun qurbanıdır"

A.Qasımlı ilə hazırda zərərçəkmiş qismində tanınan Q.Yusifov arasında daha öncə Mingəçevir şəhər Məhkəməsində mülki qaydada məhkəmə prosesi keçirilib. Həmin prosesin yekununda A.Qasımlının xeyrinə qərar çıxarılıb. Qərardan apellyasiya şikayəti verilib. Şəki Apellyasiya Məhkəməsi isə qərar çıxarıb ki, tərəflər arasındakı mübahisəyə kommersiya məhkəməsi baxmalıdır. Bu üzdən, iş yenidən kommersiya məhkəməsində araşdırılır.

A.Qasımlının vəkilləri vəsatət qaldırıblar ki, onunla Q.Yusifov arasındakı yazışmalar, Mingəçevir şəhər Məhkəməsindəki iclasların protokolları və s. burada sübut kimi qəbul edilib araşdırılsın.

"Bu məsələlər araşdırılsa, görünər ki, Azər Qasımlının özü dələduzluğun qurbanıdır", - vəkil Aqil Layıc belə deyib.

Məhkəmə qərar verib ki, bu məsələyə sənədlərin tədqiqi mərhələsində baxılıb qərar verilər.

Ardınca dindirmələr başlanıb. A.Qasımlı deyib ki, bir halda zərərçəkmiş onu suçlayır, o zaman özü öncə ifadə versin, sözünü desin. Zərərçəkmiş Q.Yusifovsa məhkəməyə gəlmədiyindən onun dindirilməsi iyulun 30-da keçiriləcək növbəti məhkəmə iclasına qalıb. Daha sonra A.Qasımlı ifadə verəcək.

A.Qasımlı ötən il dekabrın 8-dən həbsdədir. Cinayət Məcəlləsinin ona ittiham verilən 182.2.3-cü (hədə-qorxu ilə tələbetmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsində 5 ildən 10 ilədək həbs cəzası nəzərdə tutulub.

Politoloq həbsini tənqidi fəaliyyətinə bağlayır və həbsindən öncə ölkədən çıxışının yasaqlandığına da diqqət çəkir.

XS
SM
MD
LG