Keçid linkləri

2025, 19 İyul, şənbə, Bakı vaxtı 03:40
Rusiyada azərbaycanlıların həbsi davam edir: 'Azərbaycanın cavabı olacaq'
Gözlə

No media source currently available

0:00 0:03:11 0:00

Rusiyada azərbaycanlıların həbsi davam edir: 'Azərbaycanın cavabı olacaq'

Şahin Şıxlinski axtarışa verilib

İyunun 27-də Rusiya Federasiyasının Yekaterinburq şəhərində hüquq-mühafizə orqanları Azərbaycan əsilli insanlara arşı əməliyyat keçirib, bu zaman iki şəxs həlak olub, 10-a yaxın şəxs də saxlanıb. Rusiya hüquq-mühafizə orqanları əməliyyatı illər əvvəl baş verən cinayət işinin təhqiqatı ilə izah ediblər. Amma daha sonra Azərbaycan diasporunun bəzi üzvləri də saxlanıb. Bundan bir neçə gün sonra – iyunun 30-da Azərbaycanda isə narkotik və kibercinayətlərlə əlaqədar Rusiya vətəndaşlarının saxlandığı bildirilib, yayılan görüntülərdə tutulanların üzərində zorakılıq izləri müşahidə olunub. İyulun 1-də də "Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialı olan "Sputnik-Azərbaycan"ın rəhbərliyi həbs edilib.

Rusiya XİN-dən tövsiyə

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Rusiya vətəndaşlarına tövsiyə edir ki, mövcud şəraitdə Azərbaycana səfər edib-etməmək barədə qərar verərkən bu ölkədəki vəziyyəti diqqətlə nəzərdən keçirsinlər.

+++

Rusiyanın Azərbaycandakı səfirliyi Azərbaycanda Rusiya vətəndaşlarına fiziki zorakılıq göstərildiyi haqda bəyanat yayıb. İyulun 2-də yayımlanan bəyanatda deyilir ki, səfirlik son sutka ərzində Azərbaycanda olan, habelə turizm məqsədilə səfər edən Rusiya vətəndaşlarından çoxsaylı müraciətlər alıb.

"Müraciətçilərin sözlərinə görə, yaşadıqları ünvanlara mülkigeyimli şəxslər (bəzi hallarda özlərini polis əməkdaşı kimi təqdim ediblər) gəlib və onların ölkədə qalma məqsədini sorğu-sual edərək sənədlərini yoxlayıblar. Bəziləri deyir ki, onlara və ailə üzvlərinə fiziki zorakılıq tətbiq olunub", - bəyanatda vurğulanır.

Rusiya səfiri Azərbaycan XİN-ə çağrılıb

İyulun 2-də Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

XİN-in məlumatına görə, nazir müavini Araz Əzimov ilə görüşdə "Rusiya tərəfinin iki ölkə arasında münasibətlərə xələl gətirən qeyri-dost hərəkətləri və addımları ilə bağlı etiraz" diqqətə çatdırılıb.

Açıqlamada iyunun 27-də Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə Rusiya hüquq-mühafizə orqanlarının həyata keçirdiyi basqınlar zamanı iki nəfərin həlak olması və bəzilərinin yaralanması ilə bağlı dərin narahatlıq bir daha diqqətə çatdırılıb: "Baş vermiş hadisə ilə bağlı Rusiyanın izahatının həlak olmuş həmvətənlərimizin üzərində olan kəskin zorakılıq izləri və ekspertiza rəyi ilə ziddiyyət təşkil etdiyi bildirilib. Reydlər ilə bağlı Rusiya mediasında etnik dözümsüzlük təzahürlərinin müşahidə olunduğu, azərbaycanlılara münasibətdə "etnik cinayətkar qrup" kimi ifadələrdən istifadənin qəbuledilməz olduğu vurğulanıb".

Açıqlamaya görə, habelə Azərbaycan tərəfindən "Sputnik-Azərbaycan"ın ofisində həyata keçirilən tədbirlər ilə bağlı Rusiya tərəfinin iradlarının əsassız olduğu bildirilib.

Bu açıqlamaya Rusiyanın Azərbaycandakı səfirliyindən ayrılıqda münasibət almaq mümkün olmayıb.

Yekaterinburqda saxlanılan Azərbaycan əsilli şəxslərə ittiham irəli sürülüb

Rusiya İstintaq Komitəsi bildirir ki, 2001, 2010 və 2011-ci illərdə Sverdlovsk vilayətində törədilmiş qətl və qətlə cəhd faktları üzrə cinayət işinin istintaqı davam edir. İş üzrə təqsirləndirilən şəxslər arasında Mazahir Səfərov, Akif Səfərov, Ayaz Səfərov, Əhliman Gəncəyev, Şahin Lalayev Bəkir Səfərov var. Onlardan beşinə bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olmaqla qətl törətmə, muzdla adam öldürmə və muzdla adam öldürməyə cəhd maddələri ilə ittiham irəli sürülüb.

Rusiya vətəndaşı olan bu şəxslər barəsində həbs-qətimkan tədbiri seçib.

Qurumun iddiasına əsasən, təqsirləndirilən şəxslər mütəşəkkil cinayətkar qrupun üzvləri olublar, onların 2001-ci ildə bıçaqlanaraq öldürülən Y.Paşayevin, 2010-cu ildə muzdla qətlinə cəhd edilən F.Şirinovun və 2011-ci ildə qətlə yetirilən Azərbaycan vətəndaşı İ.Hacıyevin ölümü ilə bağlılıqları var. İstintaq habelə bildirir ki, cinayətlərin əsas motivi biznes sahəsində nüfuz dairələrinin bölüşdürülməsi və şəxsi qisas olub.

Habelə iddiaya görə, təqsirləndirilən şəxslərdən biri istintaqa ifadə verərək hadisələrin detallarını açıqlayıb və cinayət ortaqlarını ifşa edib.

Adları çəkilən şəxslərin, onların vəkillərinin bu deyilənlərə münasibəti bəlli deyil.

Kreml: Moskva Azərbaycanda saxlanan rusiyalıları hər vasitə ilə müdafiə edəcək

D.Peskov
D.Peskov

Kreml Azərbaycanda saxlanılan Rusiya vətəndaşlarının görüntülərinə diqqət yetirib, Moskva onların qanuni maraqlarını mövcud bütün vasitələrlə müdafiə edəcək. "İnterfaks" agentliyi xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov iyulun 2-də gündəlik keçirilən mətbuat brifinqində deyib.

Bakıda saxlanılan Rusiya vətəndaşlarının məhkəmə zalından olan fotoları (bu şəxslərin üzündə zorakılıq əlamətləri görünür) ilə bağlı sualı cavablandıran Peskov deyib: "Bəli, biz, doğrudan da, bütün kadrları diqqətlə izlədik. Bütün detallara diqqət yetirdik. Vətəndaşlarımızın qanuni maraqlarını diplomatik kanallar vasitəsilə qoruyacağıq və bunun üçün bütün mövcud imkanlardan istifadə edəcəyik".

O vurğulayıb ki, Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin Azərbaycan baş prokuroru Kamran Əliyevlə daimi təmasdadır, onlar Yekaterinburq və Bakıdakı hadisələrin araşdırılması ilə bağlı problemli məsələləri nəzərdən keçirirlər.

Davamı

XS
SM
MD
LG