Keçid linkləri

2025, 18 İyul, Cümə, Bakı vaxtı 17:33

Bakı dayandı, Moskva davam edir. 'Putin Əliyevdən çox narazıdır'


İlham Əliyev və Vladimir Putin
İlham Əliyev və Vladimir Putin

Bu həftə yenə də Bakı ilə Moskva arasında baş verənlərdən, ABŞ-nin "Zəngəzur dəhlizi"ni icarəyə götürmək təklifindən, "Media haqqında" Qanuna dəyişikliklərdən danışırıq.

Bu həftə Rusiyadan yenə azərbaycanlılara qarşı reydlər, azərbaycanlı iş adamlarına pul qarşılığında himayədarlıq etdiyi deyilən polis əməkdaşlarının saxlanması xəbərləri gəldi.

Yekaterinburqda Azərbaycan diasporu rəhbəri Şahin Şıxlinskinin oğlu Mütvəli Şıxlinski saxlanıldı. AzadlıqRadiosuna danışan iqtisadçı Zöhrab İsmayıl deyir ki, Kreml Azərbaycana təzyiq üçün oradakı miqrantlar kartını istifadə edə bilər, ancaq məsələnin dərinləşəcəyini düşünmür, çünki tərəflərin bir-birindən asılı olduğu məqamlar var.

Rusiyada azərbaycanlıların həbsi davam edir: 'Azərbaycanın cavabı olacaq'
Gözlə

No media source currently available

0:00 0:03:11 0:00

"Bastrıkini güc strukturları dəstəkləyir"

İyunun sonunda Yekaterinburqda iki azərbaycanlının ölümüylə ilə nəticələnmiş polis reydindən sonra Bakı da bəzi addımlar atdı, amma üzdəki gərginliyi çox sürdürmədi. Prezident İlham Əliyevin iyulun 10-da Əbu-Dabidə Ermənistanın baş naziri Nikol Paşinyanla ikitərəfli görüşü də tərəflərin Moskvanın təsirindən uzaqlaşması fonunda diqqət çəkdi.

Almaniyanın Bremen Universitetinin tədqiqatçısı Nikolay Mitroxin deyir ki, Rusiyada Azərbaycan diasporunun nüfuzlu şəxslərinə qarşı kompleks əməliyyat mafiyaya qarşı mübarizəyə yönəldildiyi bildirilən koordinasiyalı aksiyadır, amma Moskva ilə Bakı arasında uzanan münaqişə kontekstində siyasi çalar daşıdığı şübhəsizdir.

"Şübhəsiz, Moskvada Azərbaycanın ABŞ, Türkiyə və Avropa İttifaqı ilə əlaqələrinin güclənməsindən, o cümlədən bu qüvvələrin Azərbaycan ilə Ermənistan arasındakı münasibətlərin tənzimlənməsində fəal rolundan narazıdırlar. Amma biz bilmirik ki, Rusiya Azərbaycan tərəfə konkret hansı "yazılmamış qaydalar" irəli sürür (məsələn, Ukraynaya silah və sursat tədarükü, ya da Azərbaycanın İran əleyhinə koalisiyaya dəstəyi, yaxud Rusiya havadan müdafiə sisteminin Azərbaycanın təyyarəsini vurmasına media kampaniyanın əks-sədası ilə bağlı ola bilər). Buna görə də nə baş verdiyini anlamaq imkanlarımız məhduddur", - N.Mitroxin AzadlıqRadiosuna şərhində bildirib.

Təhlilçi bir məqamın aşkar olduğunu vurğulayır: "Putin Əliyevdən çox narazıdır və ona təzyiq göstərmək üçün Rusiyadakı diasporu istifadə etməyə qərar verib. Üstəlik, (Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr) Bastrıkin diasporlarla və miqrantlarla mübarizə kampaniyasına rəhbərlik edən şəxs kimi hərəkətə keçmək fürsəti üçün açıq-aşkar susayıb. Bu məsələdə onu güc strukturları dəstəkləyir".

'Zəngəzurun 100 illik icarəsi...' - Bakı və Yerevan dəhlizin icarəsini Vaşinqtona verəcəkmi?
Gözlə

No media source currently available

0:00 0:03:36 0:00

ABŞ-dən "Zəngəzur dəhlizi" təklifi

Bu həftə ABŞ-dən gələn bir təklif Azərbaycan-Rusiya gərginliyi fonunda daha güclü əks-səda verdi.

Söhbət Ermənistanın Sünik bölgəsindən keçərək Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləşdirəcək yolun ABŞ şirkətinə 100 illiyə icarəyə verilməsi təklifindən gedir. Ermənistanın baş naziri Nikol Paşinyan dedi ki, məsələ yolun mülkiyyətə verilməsi ilə bağlı deyil. Onun idarə olunması və istismarı üçün investisiya cəlbi mexanizmlərinin yaradılmasından söhbət gedir.

Azərbaycan "Zəngəzur dəhlizi" dediyi bu yolla bağlı səslənən təklifə reaksiya verməyib. Bəzi təhlilçilər bunu ABŞ-nin Rusiyanı Cənubi Qafqazdan çıxarmağa hazırlaşmasının göstəricisi sayır.

Siyasətçi Fuad Qəhrəmanlı sosial şəbəkə hesabında yazıb: "Tom Barrak bildirib ki, bu, təkcə iki ölkə arasında nəqliyyat dəhlizinin təhlükəsizliyini təmin etmək üçün deyil, həm də geosiyasi məsələdir. Bu fikrin açması isə budur ki, ABŞ Zəngəzur vasitəsilə ilə Çindən gələn "orta dəhliz"i də öz nəzarətinə götürərək həm də Mərkəzi Asiya uğrunda Pekin və Moskvaya qarşı açıq rəqabətə başlayır".

Xarici medianın filialı da reyestrə salınmalıdır

İyulun 14-də parlament "Media haqqında" Qanuna dəyişiklikləri qəbul edib.

Dəyişikliklərin, əsasən, xarici mediaya nəzarəti gücləndirmək niyyəti daşıdığı görünür. AZƏRTAC yazır ki, qanunda "media subyekti" anlayışının Azərbaycanda xarici media subyektlərinin filial və nümayəndəliklərini də əhatə etməsi məqsədilə genişləndirilib.

2022-ci ildə qüvvəyə minmiş qanunda deyilirdi ki, ölkədə akkreditasiya olunmuş xarici jurnalistlərin hüquqi statusu və peşə fəaliyyəti Azərbaycanın normativ hüquqi aktları və tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir.

Son dəyişikliklər görə, xarici media qurumlarının filial və nümayəndəlikləri dövlət qeydiyyatına alındıqdan sonra yeddi iş günü ərzində Media Reyestrinə salınmalıdır. Qanun pozulduqda və ya Media Reyestrindən çıxarıldıqda həmin qurumların fəaliyyəti dayandırılacaq, onların saytlarına giriş məhdudlaşdırılacaq. Dəyişikliklərdə informasiya agentlikləri üçün də tələbləri sərtləşdirilir. Media Reyestrinə daxil olmayan çap və onlayn media subyektlərinin fəaliyyətinə xitam veriləcək. Çap məhsulları Media Reyestrində qeydiyyatsız yayıldığı halda cərimələnəcək.

Bakıda yeni media qanununa etiraz aksiyası. 2021
Bakıda yeni media qanununa etiraz aksiyası. 2021

Yada salaq ki, Media Reyestri təzə yaradılanda yetkililər deyirdilər ki, məqsəd media sahəsində fəaliyyət göstərən biznes subyektlərinin statistikasını dəqiqləşdirməkdir. Jurnalistlərin bu portalda qeydiyyata düşməsinin isə onlara tətbiq olunan güzəştlər, məsələn, sosial ipoteka üçün mənzərəni bilməklə izah olunurdu.

Son dəyişikliklər bu ilin əvvəlindən bir sıra xarici media qurumları ətrafında baş verənlərlə də izah oluna bilər. Belə ki, bu ilin fevralında hakimiyyət BBC, "Amerikanın Səsi" kimi media orqanlarına cəmi bir jurnalistlə akkreditasiyadan keçmək tələbi qoydu. Bu qurumlar ölkədə fəaliyyəti dayandırdılar. "Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialına (Sputnik-Azərbaycan) eyni tələb qoyulsa da, onların ofisinin bağlanmadığı Rusiya ilə yaranmış son gərginlik fonunda üzə çıxdı, "FSB əməkdaşı" olduqları deyilən rəhbərləri saxlanıldı.

Amma hakimiyyət onlarla azərbaycanlı jurnalisti iki ilə yaxındır qaçaqmalçılıq və digər ittihamlarla həbs edib. Onlar ittihamları rədd edir, həbslərini məhz hökumətdəki korrupsiyanı ifşa etmələri, hökumət propaqandasını sorğulamaları ilə izah edirlər. Tənqidçi jurnalistlərin bir qismi jurnalistika fəaliyyətini müvəqqəti də olsa, dondurub.

Bir çox mətbuat işçisinin, hökumətyönlü media qurumları başçılarının müxtəlif holdinqlərin, təşkilatların mətbuatın 150 illiyi münasibətilə keçirdiyi mərasimlərdə göründüyü bir vaxtda ölkədə jurnalistlərin, siyasi fəalların məhkəmə prosesləri də davam edir. Elə "ToplumTV işi" üzrə növbəti məhkəmə prosesi məhz iyulun 22-nə - Milli Mətbuat Gününə təyin olunub.

JurnalistFərid İsmayılovson prosesdə deyib ki, altı dəfə cərrahiyyə əməliyyatı keçirib, sağlamlığında ciddi problemlər var, 40 dərəcəni aşan istidə hər dəfə məhkəməyə gətirilib-aparılması durumunu daha da ağırlaşdırır.

XS
SM
MD
LG