Keçid linkləri

2025, 18 İyul, Cümə, Bakı vaxtı 18:07

Sevinc Vaqifqızı ona gətirilən sərinkeşə təcridxana rəhbərliyinin icazə vermədiyini bildirir


Sevinc Vaqifqızı
Sevinc Vaqifqızı

"AbzasMedia" nəşrinin həbsdə olan baş redaktoru Sevinc Vaqifqızının ailəsinin onun üçün gətirdiyi sərinkeşə Bakı İstintaq Təcridxanası rəhbərliyinin həftələrdir icazə vermədiyi bildirilir.

Jurnalistin bu barədə ailəsinə məlumat verdiyi söylənir.

Vaqifqızının deməsinə görə, təcridxana rəisinin müavini Əhəd Abdıyev sərinkeşə niyə icazə verilmədiyi sualına "Ürəyimiz belə istəyir. Keçən il ürəyimiz istədi, sərinkeşi içəri buraxdıq, bu il isə ürəyimiz belə istəyir, icazə vermirik" cavabını verib.

Jurnalistin yaxınlarına çatdırmasına görə, rəis müavini ona öz hesablarına sərinkeş verə biləcəklərini deyib. Vaqifqızı isə, vurğulamasına görə, onlardan heç bir şey istəməyib, ailəsinin ona gətirdiyi sərinkeşin içəri buraxılmasını tələb edib.

Son günlər Bakı və ölkənin əksər bölgələrində isti hava hökm sürür.

"Bütün kameralara od yağır, hamı istidən bişir. Heç kimə müəssisə hesabına sərinkeş verilmir, bircə mənə veriləcək? Bu, dövlət büdcəsidir, sizin şəxsi büdcəniz deyil. Sərinkeş verilməlidirsə, hamıya verilməlidir, tək mənə yox", - yaxınlarının sözlərinə görə, S.Vaqifqızı təcridxana rəhbərliyinə iradını belə çatdırıb.

Bu deyilənlərə Penitensiar Xidmət və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Amma xidmətdən, bir qayda olaraq, vurğulayırlar ki, məhkumlarla yalnız qanun çərçivəsində davranırlar.

"AbzasMedia işi"ində təqsirləndirilən jurnalistlərə ötən ay 9 ildən 7 il 6 aya qədər həbs cəzası verilib. Bunlar AzadlıqRadiosunun jurnalisti Fərid Mehralızadə, "AbzasMedia" nəşrin təsisçisi Ülvi Həsənli, baş redaktoru Sevinc Abbasova (Vaqifqızı), əməkdaşı Məhəmməd Kekalov, "Turan" İnformasiya Agentliyinin redaktoru Hafiz Babalı, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımovadır. Jurnalistlər qaçaqmalçılıq və başqa ittihamlarla üzləşiblər, amma ittihamları siyasi sayırlar.

Xatırlatma

Hazırda oxşar ittihamlarla 30-dan çox jurnalist, ictimai fəal həbsdədir. Onların hamısı ittihamla razılaşmır, peşə fəaliyyətlərinə görə siyasi sifarişlə cəzalandırıldıqlarını deyirlər. Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 375 nəfər siyasi məhbus var.

Rəsmilər isə ölkədə siyasi motivli həbslərin olmadığını deyirlər. Amma beynəlxalq insan haqları qurumları da hökuməti haqsız tutulanları azad etməyə, müstəqil mediaya, vətəndaş cəmiyyətinə basqıları dayandırmağa çağırıb.

XS
SM
MD
LG