Keçid linkləri

2025, 18 İyul, Cümə, Bakı vaxtı 18:02

Rustem Umerov Ukrayna Təhlükəsizlik Şurasının katibi oldu


Rustem Umerov
Rustem Umerov

Ukrayna prezidenti Volodimir Zelenskinin qərarına əsasən, keçmiş müdafiə naziri Rustem Umerov ölkənin Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi təyin edilib.

Denis Şmıqalın rəhbərlik etdiyi hökumət kabinetinin istefasından sonra bəzi KİV-lər Umerovun Ukraynanın Vaşinqtondakı yeni səfiri olacağını yazırdı. Lakin Zelenski bu vəzifəyə baş nazirin keçmiş müavini Olqa Stefanişinanı təklif edib.

Şmıqal isə yeni baş nazir Yuliya Sviridenkonun rəhbərlik etdiyi hökumət kabinetində müdafiə naziri olub.

17 iyul

Zelenski ABŞ-yə səfir Stefanişinanı göndərir

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ ilə əməkdaşlığın inkişafı üzrə xüsusi nümayəndə təyin edib. Olqa Stefanişinanın bu posta təyin edilməsi ilə bağlı Zelenski fərman imzalayıb.

"Olqa bu postda ABŞ ilə münasibətlərdə tempi itirməmək üçün çalışacaq. Eyni zamanda, onun Ukraynanın ABŞ-dəki səfiri vəzifəsinə namizədliyinin Vaşinqtonla razılaşdırılması üçün bütün lazımi prosedurlar davam edir", - o yazıb.

O.Stefanişina bundan əvvəl baş nazirin Avropa və Avro-Atlantik inteqrasiya məsələləri üzrə müavini vəzifəsində çalışıb.

Yuliya Sviridenko
Yuliya Sviridenko

Yuliya Sviridenko Ukraynanın yeni baş naziri seçilib

Ukrayna Ali Radası Yuliya Sviridenkonu baş nazir postuna təsdiqləyib. Səsvermədə 262 deputat onun posta təyin olunmasının lehinə, 22 deputat əleyhinə səs verib, 26 deputat bitərəf qalıb, 22 deputat isə səs verməyib.

Prezident Volodimir Zelenski iyulun 14-də onun namizədliyini irəli sürüb.

Sviridenko bundan əvvəl baş nazirin birinci müavini olub. Nazirlər Kabinetinin keçmiş rəhbəri Denis Şmıqal isə bir gün əvvəl, iyulun 16-da müdafiə naziri təyin edilib.

15 iyul

Ukraynanın baş naziri istefa verib

Ukraynanın baş naziri Denis Şmıqal istefa verib. O, müdafiə naziri postunu tutacaq.

D.Şmıqal 2020-ci ildən Ukrayna hökumətinə rəhbərlik edirdi.

Prezident Volodimir Zelenski yeni baş nazir postuna baş nazirin müavini Yuliya Sviridenkonun namizədliyini təklif edib. O, eyni zamanda, Şmıqalın müdafiə naziri postuna namizədliyini Ali Radaya təqdim edib.

"Denis Şmıqalın zəngin təcrübəsi Ukraynanın müdafiə naziri vəzifəsində mütləq faydalı olacaq. Məhz bu sahədə hazırda ölkənin maksimum resursları cəmlənib və çox böyük məsuliyyət var", - Zelenski bildirib.

Ukrayna mediasının yazdığına görə, müdafiə naziri Rustem Umerov, ehtimal ki, ölkənin ABŞ-dəki səfiri postunu tutacaq. Ancaq bu təyinat hələ rəsmi olaraq açıqlanmayıb.

İyulun 16-da Ali Radanın Şmıqalın istefasını qəbul edəcəyi, 17-də isə yeni baş nazir üçün səsvermə keçirəcəyi gözlənilir.

Yeni kabinetin vəzifələri

İyulun 15-də Sviridenko ilə görüşdə prezident Zelenski növbəti altı ay üçün yeni nazirlər kabineti qarşısında müəyyən vəzifələr qoyub. Onun sözlərinə görə, əsas prioritetlərdən biri Ukraynada xüsusilə pilotsuz uçuş aparatları sahəsində yerli silah istehsalının artırılmasıdır. Derequlyasiya aparmaq və ölkənin daxili iqtisadi potensialını azad etmək də əsas məqsədlər sırasındadır.

Ukrayna konstitusiyasına əsasən, ölkə prezident-parlament respublikasıdır və hökumət Ali Radada formalaşdırılmış çoxluq tərəfindən qurulur. Ali Radada əksəriyyət prezidentin tərəfdarlarından ibarət olduğu üçün, faktiki olaraq, hökumətə kadr təyinatlarını prezident Zelenski müəyyən edir.

XS
SM
MD
LG