Avropa həbsxanalarında sıxlıq artır, Azərbaycanda da eləcə...

Sizin brauzer HTML5-i dəstəkləmir

'Türmədə ayı 20 min manata lüks otaqlar var' - Keçmiş məhbuslar (Arxiv. 2021)

Avropa Şurasının iyulun 18-də dərc olunan 2024-cü il üzrə illik Məhkum Statistikasına əsasən, Avropadakı həbsxanaların 1/3-də həddindən artıq sıxlıq ciddi problem olaraq qalır.

Statistikaya görə, 2023-cü ilin yanvarından 2024-cü ilin yanvarınadək ümumilikdə Avropada 100 yerə düşən məhkum sayı 93.5-dən 94.9-a yüksəlib. 15 ölkənin həbsxana administrasiyaları mövcud yerlərdən artıq sayda məhkum olduğunu bildirib. Altı ölkə ciddi sıxlıqla üzləşib ki, onlar sırasında Sloveniya (hər 100 yerə 134 məhkum), Kipr (132), Fransa (124), İtaliya (118), Rumıniya (116) və Belçika (113) var. Daha səkkiz ölkədə isə orta doluluq qeydə alınıb və Azərbaycan da onların arasındadır. Ölkədə hər 100 yerə 103 məhbus düşür. Azərbaycanla yanaşı, Türkiyə, Macarıstan, Şimali Makedoniya kimi ölkələrdə də sıxlıq qeydə alınıb.

Hesabatda bildirilib ki, ötən il Avropa Şurasına üzv olan ölkələrin 51 həbsxanasında 1 milyon 21 min 431 məhkum saxlanılıb və bu, qitə üzrə hər 100 min nəfərə 105 məhkum düşməsi ilə orta göstərici təşkil edir.

2023-cü ilin yanvarından 2024-cü ilin yanvarına qədər (AŞ-yə üzv ölkələrdə) 13 həbsxana administrasiyası məhkumların sayında nəzərəçarpacaq artım müşahidə edib. Bu ölkələr arasında Azərbaycan da var. Belə ki, ölkədə məhkumların sayı 8.3 faiz artıb. Azərbaycanla yanaşı, Sloveniya İsveç, Malta, Serbiya, Xorvatiya, İtaliya, Albaniya, Böyük Britaniya (Şimali İrlandiya), Belçika, İrlandiya kimi ölkələrdə də artım müşahidə olunub.

Hər 100 min nəfərə 264 məhkum

Azərbaycan həmçinin Avropa Şurasına üzv ölkələr arasında ən yüksək həbs nisbətinə malik olanlardandır. Türkiyə hər 100 min nəfərə 356 məhkumla birinci, Azərbaycan isə 264 məhkumla ikinci yerdədir. Siyahıda Cənubi Qafqazın digər ölkəsi Gürcüstan da var, ölkədə bu rəqəm 261-dir.

Statistik araşdırmanı aparan Lozanna Universitetinin SPACE tədqiqat qrupunun rəhbəri professor Marselo Aebi bildirib: "Həbsxanalardakı həddindən artıq doluluq məhkumların yaşayış şəraitini və onların reabilitasiya imkanlarını ciddi şəkildə zəiflədir".

O bildirib ki, alternativ cəza formalarının təşviqi ilə yanaşı, xüsusilə zorakı olmayan və cəmiyyət üçün aşağı riskli şəxslər üçün həbs müddətlərinin azaldılması effektiv ola bilər.

Hesabata görə, məhkum edilmiş şəxslərin təxminən 1/3-i zorakı cinayətlərə görə həbs olunub. Bunlara qətl (11.9 faiz), seksual xarakterli cinayətlər (8.7 faiz), xəsarət yetirmə (6.7 faiz) və soyğunçuluq (6.3 faiz) daxildir. Ən geniş yayılmış cinayət kateqoriyaları narkotiklərlə bağlı cinayətlər (16.7 faiz) və oğurluq (12.3 faiz) olub. Statistikaya görə, Avropa həbsxanalarında saxlanılan şəxslərin 26 faizi məhkəmə qərarı olmadan istintaq təcridxanalarında saxlanılıb.