Azərbaycanda bir qrup vətəndaş cəmiyyəti təşkilatları nümayəndələri, jurnalistlər, hüquq müdafiəçiləri və ziyalılar "ToplumTV iși" üzrə həbsdə olan media eksperti, hüquqşünas Ələsgər Məmmədlinin səhhətindəki problemə görə ölkə prezidentinə müraciət ediblər.
Müraciətdə bildirilir ki, 2024-cü il martın 9-da Xətai rayon Məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilən Ə.Məmmədlinin səhhətində ağırlaşmalar müşahidə olunub: "Ultrasəs müayinəsi zamanı qalxanvari vəzinin boyun hissəsində 23 mm ölçüdə heterogen (müxtəlif), periferik, vaskulyarizasiyalı TİRADS III düyün (50-75 faiz xərçəng ehtimalı), qaraciyərin steatozhepatozu (qaraciyər piylənməsi), pankreasın (mədəaltı vəzi) fibroz parenximatoz exostruktur dəyişikliyi, hər iki böyrəkdə mikrolitlər (kristallar), kalsinatlar (kalsium yataqları) və prostat vəzində 7 mm ölçüdə kalsinat aşkar edilib".
Müəlliflər vurğulayıblar ki, tibbi protokola görə, qalxanvari vəzin ölçüsünün 15 mm-dən böyük olması cərrahi əməliyyatı zəruri edə bilər.
Müraciətdə habelə əlavə olunub ki, Ə.Məmmədlidə kəskin boğulma, fasiləsiz başağrısı, başgicəllənməsi və ürəkbulanma kimi simptomlar artmaqdadır və bu hal onun həyatı üçün real təhlükə yaradır: "Təcili cərrahi əməliyyat olunmazsa, səhhəti daha da ağırlaşa və geridönməz vəziyyət yarada bilər".
Müraciət müəllifləri həmçinin Milli Mətbuatın 150 illiyi ərəfəsində media hüquqları sahəsində tanınmış ekspert saydıqları Ə.Məmmədliyə humanist yanaşma göstərilməsinə ümid etdiklərini bildiriblər. Onlar prezidentdən Ə.Məmmədlinin özəl klinikaların birində cərrahi əməliyyat olunması üçün hüquqi imkanların nəzərdən keçirilməsini xahiş ediblər.
Media hüququ üzrə ekspert və "Toplum" İnternet Televiziyasının həmtəsisçisi Ə.Məmmədlini 2024-cü martın 8-də Bakıda klinikaların birindən çıxarkən mülkigeyimli şəxslər saxlayıb. Ona qarşı irəli sürülən ittihamlar arasında valyuta qaçaqmalçılığı, qanunsuz sahibkarlıq, vergi ödəməkdən yayınma və çirkli pulların yuyulması kimi ciddi ittihamlar yer alır. Özü bu ittihamları rədd edir və siyasi motivli olduğunu bildirir.
"ToplumTV işi" üzrə ümumilikdə 10-a yaxın şəxsə cinayət işi açılıb. Onların hamısı ittihamları qəbul etmir, peşə fəaliyyətlərinə görə siyasi sifarişlə həbs olunduqlarını deyir.
Xatırlatma
Bütövlükdə isə 2023-cü ilin noyabrından bəri Azərbaycanda qruplar halında 30 nəfərdən çox jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib.
Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında təxminən 370 siyasi məhbus var.
Rəsmilər, bir qayda olaraq, ölkədə heç kimin sırf peşə fəaliyyəti üzündən siyasi səbəblərlə həbs olunmadığını vurğulayırlar və iddia edirlər ki, sözügedən siyahılarda adları çəkilənlər törətdikləri əmələ görə məsuliyyətə cəlb olunublar.