1989-cu ildə millətçiliyə görə edam edilən son ukraynalı

İvan Qonçaruk

1989-cu ilin iyulunda Mixail Qorbaçovun "qlasnost" islahatlarının yüksəliş dövründə 64 yaşlı ukraynalı təqaüdçü sanki daha qaranlıq bir dövrə qayıdışı xatırladan məhkəmə prosesindən sonra Kiyev şəhərində bir həbsxananın zirzəmisində güllələnərək edam edilib.

Bundan iki il əvvəl İvan Qonçaruk Xarkov yaxınlığında yerləşən kənddəki evindən, üzərində heç bir nişanı olmayan avtomobillə gələn sovet polisi tərəfindən aparılıb.

Tarixçi Lesya Bondarukun sözlərinə görə, həmin vaxt İ.Qonçaruk dovşanlarına baxırdı. Tarixçinin Qonçarukun işi ilə bağlı kitabı bu il nəşr olunacaq. İvanın həyat yoldaşı Anna isə ərinin hara və niyə aparıldığından xəbərsiz idi.

"Həmin adamlar axtarış aparıb, sənədləri müsadirə ediblər. İvandan paltarını dəyişməsini istəyiblər və onu aparıblar", - Bondaruk AzadlıqRadiosunun Ukrayna xidmətinə deyir.

Qonçaruk 45 il əvvəl etdiklərinə görə edam olunub: İkinci Dünya müharibəsində nasist işğalı zamanı Qərbi Ukraynada yaradılmış Ukrayna Üsyançı Ordusuna (UPA) qoşularaq həm nasistlərə, həm də sovet ordusuna qarşı döyüşdüyünə görə.

O, Sovet hökuməti tərəfindən edam edilən son UPA üzvü kimi tanınır.

Bondarukun sözlərinə görə, İ.Qonçaruk həbs olunmazdan qısa müddət əvvəl anonim bir məktub alıbmış: "Ehtiyatlı ol, keçmişinlə bağlı sənin əleyhinə araşdırma aparırlar".

Tarixçi L.Bondaruk deyir ki, Qonçaruk 1944-cü ildə nasist qüvvələri onun yaşadığı Volın bölgəsindən geri çəkildikdən sonra UPA-ya qoşulub.

Qonçaruk bundan əvvəl də bir dəfə həbs olunubmuş. Müharibə bitdikdən sonra sovet təhlükəsizlik orqanları ukraynalı millətçiləri ovlayırdı.

O, şou xarakterli məhkəmə prosesində ölüm cəzasına məhkum edilir, lakin sonradan bu cəza Sibirdə 20 il həbs cəzası ilə əvəz olunur. 1956-cı ildə sovet lideri İosif Stalinin ölümündən sonra baş verən siyasi yumşalma dövründə o, azadlığa buraxılır.

İvan Qonçaruk 1946-cı ildə ona qarşı aparılan istintaq zamanı

"Sovet imperiyası çökürdü"

Onun onilliklər sonra yenidən həbs olunması Qorbaçovun rəhbərliyi dövründə siyasi məhbusların azad edildiyi bir vaxta təsadüf edirdi.

Bu, həmçinin Ukrayna və digər sovet respublikalarında milli hisslərin yenidən baş qaldırdığı bir dövr idi, cəmi bir neçə il sonra, 1991-ci ildə Sovet İttifaqının dağılması ilə bu respublikalar müstəqilliklərini elan edəcəkdilər.

"Sovet imperiyası çökürdü. Ukraynalı dissidentlər və hüquq müdafiəçiləri fəallaşmışdılar", - Ukrayna Milli Yaddaş İnstitutunda çalışan Bondaruk deyir. "Bəlkə də, bu məhkəmənin təşkilatçıları düşünürdülər ki, onlar əhalini sakitləşdirə bilərlər və bu məhkəmə işi kimi addımlar insanları qorxutmağa və öz mövqelərini qoruyub saxlamağa kömək edəcəkdi".

Polşanın Lyublin Universitetinin Beynəlxalq Yaddaş Tədqiqatları Laboratoriyasının rəhbəri Georgi Kasyanov deyir ki, o zaman KQB-nin Ukrayna bölməsinin rəhbəri Nikolay Qoluşko sərt xətt tərəfdarı kimi tanınıb.

"Onlar bu işi müxalifətin bir hissəsini gözdən salmaq üçün istifadə etməyə qərar verib, çünki müxalifətin bir hissəsi mütləq UPA veteranları ilə, yəni 50-ci illərdə azad edilmiş şəxslərlə bağlı köklərə və əlaqələrə malik idi", - o, AzadlıqRadiosuna deyir. "Qonçaruk da bu qrupdan idi".

İvan Qonçaruk və xanımı Anna

Nasizm ittihamları

Bondaruk deyir ki, sonrakı məhkəmə prosesi "tam bir saxtakarlıq" olub: "Məhkəmədə insanlar onlara verilmiş rolları ifa edir, əvvəlcədən hazırlanmış ifadələri verirdilər".

Onların arasında bir qadın da var idi, o deyirdi ki, guya Qonçaruk 1944-cü ildə, o, 12 yaşında olarkən, atasını öldürən dörd nəfərdən biri olub. Müdafiə vəkili isə deyib ki, qadının bu qədər il sonra Qonçaruku tanıması mümkün deyil.

Kasyanovun sözlərinə görə, "hətta Sovet ədliyyə sistemində belə bu, tamamilə qanunsuz idi. Sovet qanunlarına görə, onu eyni cinayətə görə yenidən cəzalandırmaq olmazdı".

Qonçaruk barədə hökm çıxaran hakim Boris Plaxtiy idi, lakin ölüm cəzası ilə bağlı işi onun müavini Sergiy Kipen irəli sürüb.

"Plaxtiy və Kipen yüzlərlə insanı QULAQ düşərgələrinə həbs cəzasına məhkum ediblər… Və sonra bu insanlar üçün reabilitasiya da rədd edilib", - Bondaruk qeyd edir.

İllər əvvəl başqa bir keçmiş UPA üzvünü də ölüm cəzasına məhkum edən Plaxtiy şərhlə bağlı zənglərə cavab verməyib. AzadlıqRadiosu Kipenə iş barədə sual vermək üçün zəng etdikdə isə o, telefonu qapadıb.

İ.Qonçaruk iki il Ukraynanın şimal-qərbindəki Lutsk həbsxanasında yatıb. Meyitinin geri qaytarılmayacağını ehtimal edən Qonçaruk edam edilməzdən əvvəl protez dişlərini yaxınlarına göndəribmiş.

Rəsmi sənədlərə görə, o, 12 iyul 1989-cu ildə edam edilib.

Hazırda 95 yaşı olan Anna isə hələ də ərinin harada dəfn olunduğunu bilmir.

Yazını AzadlıqRadiosunun aparıcı beynəlxalq müxbiri Rey Förlonq hazırlayıb.